Bu gün Bakı Gənclər Mərkəzinin kollektivi olaraq “Zəfər yolu – 44 günlük fəaliyyət” planı çərçivəsində 44 günlük Vətən Müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin ailəsini ziyarət etdik.

🇦🇿 Öz şücaəti ilə ürəklərdə əbədilik qazanan şəhidimizin ailəsi ilə söhbətimiz zamanı onun necə fədakar biri olduğunun şahidi olduq.
Məhəmmədəli İbrahimli 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri kimi 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.
Məhəmmədəli İbrahimli oktyabrın 3-dən 4-nə keçən gecə, Suqovuşanın azad edilməsi uğrunda baş tutan döyüşlərdə hər iki qolundan və kürəyindən qəlpə yarası almışdır, lakin buna baxmayaraq, üç yaralı və bir şəhid silah yoldaşını təhlükəsiz əraziyə çıxartmışdır. Ağır yaralanan Məhəmmədəli İbrahimli ardınca Bərdəyə aparılmışdır, burada 15 günlük Bərdə Rayon Diaqnostika Xəstəxanasına yerləşdirilmiş, lakin o, üç gün sonra müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır.

Məhəmmədəli İbrahimli 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumunda iştirak etmişdir. O, döyüş yoldaşlarının şəhid olduğunu gördükdən sonra erməni mövqelərinə hücum etmiş, qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmişdir. Məhəmmədəli İbrahimli burada baş tutan döyüşlərdə həlak olmuşdur. Onun nəşi müharibədən sonra, dekabr ayında tapılmışdır. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilmişdir

Bütün çətinliklərə mərdliklə sinə gələn Məhəmmədəli İbrahimli ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir