Gənclərin Beynəlxalq Yoqa Günü

Bakı Gənclər Mərkəzində Beynəlxalq Yoqa Gününə həsr olunmuş “Gənclərin Beynəlxalq Yoqa Günü” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondu, IDEA İctimai Birliyi, Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi, Bakı Gənclər Mərkəzi və The Art of Living Azerbaijan`ın birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir insanları ruhi sakitlik və mənəvi rahatlığa çatdıran yoqanın təbliğ olunması məqsədi ilə təşkil olunub. Açıq havada təşkil olunan yoqa tədbirinə 150-dən artıq iştirakçı qatılıb.

Tədbiri Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov çıxış edərək açıq elan edib. O, öz çıxışında ölkəmizdə multikultural dəyərlərə əhəmiyyət verilməsinə toxunaraq yoqa ilə bağlı silsilə tədbirlərin keçirilməsinin geniş yayılmasının bu dəyərlərdə özünəməxsus bir yerə sahib olmasını qeyd edib. Daha sonra Hindistan Respublikasının Azərbaycandakı səfiri Vanlalvavna Bavintlunq çıxış edərək tədbirin keçirilməsindən məmnunluğunu dilə gətirərək keçirilən bu cür tədbirlərin xalqlar arasındakı mədəniyyət körpüsü rolu oynadığını vurğulayıb. Son olaraq Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova çıxış edərək iştirakçılara yoqanın mənəvi rahatlıq və ruhi sakitlik üçün əhəmiyyətinə toxunaraq gələnlərə xoş arzularını dilə gətirib.

Tədbirin seans mərhələsində The Art of Living Azerbaijan yoqa məktəbinin müəllimi Kənan Məmmədov iştirakçılara açıq havada yoqa seansı təşkil edib. Seansın gedişində iştirakçılar gündəlik gərginliklərdən xilas olaraq mənəvi rahatlıq və ruhi sakitliyə yoqa edərək çatmağın sirlərinə yiyələnərək müəllim tərəfindən göstərilən hərəkətləri yerinə yetiriblər. Sonda The Art of Living Azerbaijan`ın əməkdaşları və hindistanlı qonaqlar Bakı Gənclər Mərkəzində infoturda iştirak edərək Mərkəzin şəraiti və imkanları ilə yaxından tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir