Milli Azərbaycan Tarixi Muzeyi:
Azərbaycanın böyük muzeylərindən biri — 1920-ci ildə əsası qoyulmuş Dövlət Tarix Muzeyi şəhərin ən gözəl yerlərindən birində, məşhur neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-96-cı illərdə tikilmiş malikanəsində yerləşir. Bu muzey Azərbaycan ərazisində olan bütün qədim maddi-mədəniyyət abidələrinin elmi tədqiqatı ilə məşğuldur. 60-70-ci illərdə arxeoloqlar tərəfindən görülən səmərəli işlər sayəsində muzey ölkənin qabaqcıl arxeoloji tədqiqat mərkəzinə çevrilir. Muzeydə 300 mindən çox maddi-mənəvi mədəniyyət nümunəsi var ki, bunlar 6 bölmədə qorunur. 93 mindən çox eksponat arxeologiya şöbəsinin fondunda qorunur ki, bunlar Azərbaycan tarixinin paleolit dövründən başlayaraq orta əsrlərədək olan dövrü əhatə edir. Burada daşdan düzəldilmiş əmək alətləri, misdən, dəmirdən hazırlanmış əmək və məişət əşyaları, gil və çini qablar, zərgərlik nümunələri qorunub saxlanılır. Müxtəlif dövrlərə aid Azərbaycan tarixinin və dövlətçiliyinin öyrənilməsində çox böyük əhəmiyyətə malik olan 150 mindən çox sikkə və əskinaslar numizmatika fondunu bəzəyir.
Muzeyin fondu daim zənginləşməkdə davam edir. Burada 4 min yaşı olan arxeoloji tapıntılar, qızıl əşyalar da var.


















